Dünyada baş verən iqtisadi böhran səbəbindən Azərbaycana turist axının artımı müşahidə olunmur. Bu barədə bu gün jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
“İqtisadi böhranla əlaqədar bu gün bütün dünyada turizm sahəsində artım müşahidə olunmur. Rusiya bazarında xaricə səfər edən vətəndaşlaın sayı 70% azalıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfər edən 2,5 mln. turistin 700-800 mini Rusiya vətəndaşlarıdır. “Əgər onlarda xaricə səfər edənlərin sayı azalıbsa, bizdə turistlərin sayının artımı heç cür mümkün deyil”, - deyə o qeyd edib.
“Lakin nəinki ənənəvi, həm də Avropa, Latın Amerikası ölkələrindən turistlərin gəlməsi faktı bizi sevindirir. Ölkələrin coğrafiyası genişlənir”, - deyə Ə.Qarayev vurğulayıb.
Nazir əlavə edib ki, Azərbaycanın sərgilərdə iştirak etdiyi ölkələrdən turist axını artıb.
A.Zeydullayeva