Gənclər və idman naziri Azad Rəhimov azərbaycanlı idmançıların 2015-ci ildə beynəlxalq yarışlarda uğurla çıxış etdiklərini qeyd edib.
“Azərbaycanlı idmançılar 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal qazanıblar. Bu medallardan 321-i qızıl, 222-si gümüş, 280-ni bürünc medaldır”, - deyə A.Rəhimov bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Atletlərimiz 297 medalı (105-qızıl, 61 gümüş, 131 bürünc) olimpiya idman növləri, 526 medalı (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-olimpiya idman növləri üzrə qazanıblar.
Müqayisə üçün demək lazımdır ki, 2014-cü ildə azərbaycanlı idmançılar beynəlxalq səviyyəli yarışlarda 805 medal ( 275 qızıl, 255 gümüş, 275 bürünc) qazanmışdılar.
Nazir bildirib ki, il ərzində Azərbaycanın yığma komandası müxtəlif idman növləri üzrə ən az 12 gün müddətində 101 təlim-məşq toplantısı keçirib.
“Təlim-məşq toplantılarının 65-i Azərbaycanda, 36-sı respublikadan kənarda keçirilib. Bu təlim-məşq toplantılarında 6 mindən çox idmançı iştirak edib”, - deyə A.Rəhimov qeyd edib.
R.Babayev