Gənclər və idman naziri Azad Rəhimov respublikanın peşəkar futbol klubları nəzdində uşaq idman məktəbləri və akademiyalarının yaradılmasını vacib hesab edir.
“Əgər bu gün yeni nəsil idmançıları fəal yetişdirməsək, gələcəkdə idmanda uğurlarımız olmayacaq. Azərbaycanda hər bir futbol klubu nəzdində uşaq məktəbi və ya akademiya açmalıdır. Söhbət təkcə “Qarabağ” futbol klubundan getmir”, - deyə A.Rəhimov cümə günü 2015-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, yetişən nəslə böyük diqqət ayrılmalıdır.
“Düşünürəm ki, 10 milyon nəfər əhalisi olan Azərbaycanda 11-15 istedadlı gənc tapmaq mümkündür. Buna görə, futbol klubları öz nəzdlərində uşaq akademiyaları açmalıdır”, - deyə A.Rəhimov qeyd edib.
Nazir etiraf edib ki 2015-ci ildə “Qarabağ”ın futbolçularının və Birinci Avropa Oyunlarında idmançılarımızın uğurlu çıxışları ona böyük sevinc bəxş edib.
“Bu il ən böyük sevinc hissini “Qarabağ” futbol klubunun oyunçularının uğurlu çıxışları zamanı yaşadım. Həmçinin Birinci Avropa Oyunlarında komanda hesabında ikinci yeri tutan idmançılarımızın uğuru da məni məmnun etdi. Mənim proqnozlarıma əsasən, bizim çıxışımız ilk beşlikdə yer almalı idi”, - deuə A.Rəhimov qeyd edib.
R.Babayev