Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil. Təşkilat və ya üzv dövlətlər tərəfindən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov yerli KİV-ə müsahibəsində bildirib.
“Bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Rusiya media nümayəndələrinin bənzər sualını cavablandıraraq mənim tərəfimdən “never say never” (“heç zaman heç vaxt demə”) ifadəsi istifadə edilib və bunun mənası izah edilmişdi. Belə ki, Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırkı şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyil.
“Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq, Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi. Ona görə də ilk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır”, - deyə E.Məmmədyarov vurğulayıb.
“Nəticə etibarilə, Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə bilərlər. Lakin bu hələ Azərbaycanın bu təşkilata üzvlüyü demək deyil”, - deyə XİN başçısı bəyan edib.
Nazir onu da vurğulayıb ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətləri ilə ikitərəfli əsasda intensiv və qarşılıqlı faydalı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələri mövcuddur.
B.Rüstəmbəyov