Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb.
DSX-nin mətbuat xidmətinin məlumatına görə, bu barədə cümə günü 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Bundan başqa, sərhədçilər Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 ölkə vətəndaşı müəyyən ediblər.
Həmçinin qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Qeyd olunur ki, 2015-ci il ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
5 mln. 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb və 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
F.İsazad