Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət almış bütün neftçilər Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə xəstəxanadan məlumat verilib.
“Bizim xəstəxanada müalicə alan bütün neftçilər evə buraxılıb”,- deyə məlumatda bildirilir.
Ümumilikdə xəstəxanaya yanğının baş verdiyi platformadan xilas edilmiş 31 nəfər daxil olub, onlardan 22 nəfərə tibbi yardım göstərilib və evə buraxılıb. Evə buraxılan xəstələrdən bir neçəsi yenidən xəstəxanaya müraciət edib. Xəsarət alımış bir neftçinin müalicəsi 5 nömrəli Yanıq Mərkəzində davam etdirilir.
Xəbər verildiyi kimi, cümə günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib.
Xilasetmə işləri çərçivəsində 33 nəfər xilas edilib, 7 nəfərin cəsədləri tapılaraq şəxsiyyəti müəyyən edilib, 22 nəfərin axtarışları davam etdirilir.
A.Zeydullayeva