2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarışı onların ailə üzvləri cəlb olunmaqla davam etdiriləcək. Bu barədə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Fövqəladə Hallar Nazirliyi və SOCAR baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib. Çərşənbə axşamı itkin düşənlərin hərəsinin 1 nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. Xilasetmə işləri çərçivəsində 33 nəfər xilas edilib, 8 nəfərin cəsədi tapılaraq şəxsiyyəti müəyyən edilib, 22 nəfərin axtarışları davam etdirilir.
N.Abbasova