Dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda Kənd Təsərrüfatı Nazirliyinin “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyevə burada yaradılan şərait barədə məlumat verilib.
“Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir.
Qeyd olunub ki, layihənin həyata keçirilməsində əsas məqsəd respublikada sanitariya və sağlamlığın qorunmasında, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınmasında, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunmasında böyük rolu olan baytarlıq xidməti işinin yaxşılaşdırılmasıdır.
Həmçinin layihə bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatına şərait yaradılmasına yönəlib.
R.Babayev