SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə 31 dekabr 2015-ci il tarixindən başlayaraq 5 yanvar 2016-cı il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Bayram günlərində istehlakçıları təbii qazla fasiləsiz və keyfiyyətli təmin etmək, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz” istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
N.Abbasova