SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dekabrın 4-də “Neft Daşları”ndakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə 5 min manat həcmində birdəfəlik maddi yardım ayırıb. Bu barədə şirkəıtin məlumatında deyilir.
Xəbər verildiyi kimi, cümə günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. Xilasetmə işləri çərçivəsində 33 nəfər xilas edilib, 8 nəfərin cəsədi tapılaraq şəxsiyyəti müəyyən edilib, 22 nəfərin axtarışları davam etdirilir.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olmuş və itkin düşmüş SOCAR əməkdaşlarının hər birinin ailəsinə isə dövlət tərəfindən 15000 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bundan başqa, SOCAR “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş 3 neftçinin hər birinin ailəsinə 15 min manat məbləğində birdəfəlik maddi yardım ayırıb.
Xatırladaq ki, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.
N.Abbasova