Azərbaycan Özbəkistan, Estoniya və Macarıstanla beynəlxalq avtomobil daşımalarına dair hökumətlərarası sazişlər imzalamağı planlaşdırır. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinin rəisi Elnur Abdullayev məlumat verib.
“İndiyədək Azərbaycan 24 ölkə ilə analoji saziş imzalayıb. Həmin sazişlər çərçivəsində beynəlxalq daşımalar icazələr əsasında həyata keçirilir. Bundan başqa, biz hazırda Özbəkistan, Estoniya və Macarıstanla yeni sazişlər imzalamağa hazırlaşırıq”, - deyə E.Abdullayev “Respublika” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sazişlərin imzalanmasında məqsəd digər ölkələrin bazarlarında Azərbaycanın yük daşıyıcılarının payının və beynəlxalq yükdaşımalarda respublikanın rolunun artırılmasıdır.
“Bu gün Azərbaycan ərazisi ilə hər il beynəlxalq yükdaşımalar həyata keçirən 150 mindən artıq avtonəqliyyat vasitəsi keçir”, - deyə Xidmətin rəisi vurğulayıb.
A.Əzizov