2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ümumi sığorta haqları 28,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
Azərbaycanda 3 sığorta şirkəti bu sığorta növü üzrə xidmətlər göstərir.
2015-ci ilin yanvar-noyabr aylarında sığortaçılar qeyd olunan sığorta növü üzrə 2 mln. manat (azalma 2,5%) məbləğində ödəniş ediblər.
Hesabat dövründə həyat sığortası bazarı üzrə sığorta haqlarının 27,1%-i və ödənişlərin 4,7%-i istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın payına düşüb
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayında təsdiq edilib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib.
A.Axundov