Azərbaycan prezidenti manatın devalvasiyası ilə əlaqədar vəziyyətin stabilləşməsi üzrə Tədbirlər Planının hazırlanmasını tapşırıb.
“Prezidentin tapşırığı ilə vəziyyətin stabilləşməsi üzrə Tədbirlər Planı hazırlanır. Yaxın bir ay ərzində bu tədbirlərin nəticəsi ictimaiyyətə təqdim olunacaq”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin payız sessiyasının son plenar iclasında məlumat verib.
Milli Məclisin deputatı manatın məzənnəsinin qorunub saxlanması ilə bağlı vəziyyətin stabilləşməsində Azərbaycan Mərkəzi Bankına yardım göstərmək xahişi ilə hökumətə müraciət edib.
“Milli valyutanın devalvasiyası məsələsi əhalini ciddi narahat edir”, - deyə deputat Vahid Əhmədov qeyd edib.
Onun sözlərinə görə, bununla əlaqədar hökumət və AMB-nin nümayəndələri ilə məsləhətləşmələr aparılıb.
“Hökumət və AMB-nin nümayəndələri ilə görüşərək məsləhətləşmələr apardıq. Görüşlər zamanı vəziyyətin stabilləşməsi üzrə tədbirlərin həyata keçirilməsi təklifləri irəli sürüldü. Bu məqsədlə hökumətdən AMB-ni dəstəkləməyi xahiş edirik. Xüsusilə ABŞ dolları ilə götürülmüş və məbləği $10 mindən çox olmayan kreditlərin köhnə məzənnə (1,05 manat) ilə ödənilməsinin təmin olunmasını təklif edirik. Bundan əlavə, sığortalanan əmanətllərin məbləğinin 30 mindən 500 min manatadək artırılması və 3 illik moratoriumun tətbiq edilməsinin tərəfdarıyıq”, - deyə V.Əhmədov vurğulayıb.
O, həmçinin kredit dərəcələrinin azaldılması məqsədilə bankların birləşməsi, idxalın tənzimlənməsi, daxili istehsalın və ixracın inkişafı üzrə tədbirlərin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.
R.Babayev