2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 1500-dən artıq hərbi qulluqçusu mənzillə təmin olunub. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik məktubunda deyilir.
“İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi isə daimi mənzillə təmin olunub”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidməti Z.Həsənova istinadən bildirir.
Nazirin sözlərinə görə, cari ildə tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilib. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir.
O, həmçinin qeyd edib ki, komanda-qərargah hərbi oyunları, irimiqyaslı təlimlər, ordumuzun güc və qüdrətini bir daha dünyaya nümayiş etdirməklə yanaşı istər xidmətdə olan, istərsə də ehtiyatdan cəlb edilənlərin döyüş təcrübəsi qazanmasında mühüm rol oynayıb.
F.İsazadə