Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ordumuzu Dağlıq Qarabağdakı erməni işğalçılarına divan tutmağa çağırıb.
“İnanıram ki, Siz etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və "Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır" şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz”, - deyə Z.Həsənovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikində bildirilir.
“Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün”, - deyə o qeyd edib.
“Şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, Respublikamızın ərazi bütövlüyü təmin olunsun.
Azərbaycan-Ermənistan sərhəddində hər gün atəşkəs rejimi pozulur. Mövqelərimiz intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkilərə məruz qalır”, - deyə müraciətdə bildirilir.
“Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaqdır”,- deyə nazir vurğulayıb.
Z.Həsənovun sözlərinə görə, hərbi qulluqçularımızın xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir. Ordu ilə xalqın əlaqələri daha da möhkəmlənir, xalqımız ordusuna inanır, güvənir və arxalanır.
F.İsazadə