Milli Məclisin dekarbrın 29-da keçirilən sonuncu plenar iclasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət qəbul olunub.
“Dünya azərbaycanlılarının səylərinin birləşdirilməsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllini yaxınlaşdırmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək mümkündür”, - deyə Milli Məclisin vitse-spikeri Bahar Muradovanın oxuduğu müraciətdə bildirilir.
Sənəddə qeyd edilir ki, ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin işğal edilmiş torpaqlara geri qaytarılması Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir.
“Azərbaycan rəhbərliyi soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir, yaşadıqları ölkədən asılı olmayaraq onlara qayğı və dəstək göstərir”,- deyə müraciətdə qeyd edilir.
Sənədin müəllifləri bildiriblər ki, Azərbaycan xalqı respublikanın uğurlu inkişafını prezident İlham Əliyevlə əlaqələndirir.
“Əziz həmvətənlər! Ümummilli məqsədlərimizin həyata keçməsi və milli maraqlarımızn müdafiəsi naminə sizi birliyə dəvət edirik”,- deyə sənəddə bildirilir.
R. Babayev