2016-2017-ci illəri partiyamızın 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq mərhələsi kimi qiymətləndirməyimiz daha düzgün olardı. Bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“2016-2017-ci illər YAP üçün müəyyən mənada sakit dövrdür. Amma bu sakitlik bizim üçün nisbi xarakter daşıyır. Belə ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. 2016-2017-ci illəri partiyamızın prezident seçkilərinə hazırlıq mərhələsi kimi qiymətləndirməyimiz daha düzgün olardı”,- deyə o bildirib.
“Biz bu illər ərzində YAP-ın daha da möhkəmləndirilməsi, sıralarının genişlənməsi və insanlar tərəfindən daha qətiyyətlə dəstəklənməsinə nail olacağıq ki, partiya daha böyük bir güc olaraq 2018-ci il prezident seçkiləri kampaniyasına qoşulsun”, - deyə Ə. Əhmədov əlavə edib.
Baş nazirin müavini dövlət qarşısında duran çağırışlardan da danışıb.
“Əlbəttə, növbəti illərin öz çağırışları var. Yeni Azərbaycan Partiyası öz fəaliyyətini heç zaman yalnız seçkilərlə məhdudlaşdırmır. YAP Azərbaycanın ictimai-siyasi həyatında həmişə yaxından iştirak edib, ictimai-siyasi proseslərə öz imkanları daxilində təsir göstərib. Təbii ki, 2016-cı il bu mənada istisna olmayacaq. Partiyamız qarşıdakı illərdə iqtisadi-sosial sahədə layihələrin həyata keçirilməsində yaxından iştirak edəcək”, - deyə Ə.Əhmədov qeyd edib.
R.Babayev