Azərbaycanda 500 min əlil və fiziki sağlamlığı məhdud olan şəxs ya pensiya, ya da əlillik müavinəti alır. Bu barədə Azərbaycanın baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclisin mətbu orqanı “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“Azərbaycanda əhalinin təxminən 6%-ə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. Ölkədə 570 min bu kateqoriyaya aid olan insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, qalan 70 min nəfər 18 yaşı olmayan, fiziki qüsurları olan Azərbaycan vətəndaşlarıdır.
“Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir”, - deyə Ə.Əhmədov qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, ümumilikdə Azərbaycanda 1,3 mln. vətəndaş pensiya alır.
R.Babayev