2015-ci ildə Azərbaycanda qaz hasilatı rekord həcmə - 29,4 mlrd. kubmetrə çatıb. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) vitse-prezidenti Rəhman Qurbanov “Natural Gas Europe” saytına bildirib.
“2015-ci ildə qaz hasilatının ümumi həcmi 29,4 mlrd. kubmetr təşkil edib, bu da 2014-cü ilin göstəricisindən 0,2 mlrd. kubmetr çoxdur”, - deyə vitse-prezident vurğulayıb.
Onun sözlərinə görə, ötən il əmtəə qazın hasilat həcmi 18,9 mlrd. kubmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 0,2 mlrd. kubmetr çoxdur.
R.Qurbanov “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında qaz hasilatının artdığını qeyd edib.
“2015-ci ildə “Şahdəniz”dən 9,9 mlrd. kubmetr qaz hasil edilib”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından qaz hasilatı 6 quyudan həyata keçirilir.
“Mərhələ-1” çərçivəsində 178 mlrd. kubmetr qaz və 34 mln. ton kondensat hasilatı nəzərdə tutulur. “Mərhələ-1” $4,1 mlrd. dəyərində qiymətləndirilir.
R.Babayev