Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər Əzizağa Quliyev və Adil Abdullayevin nəşləri vətənə gətirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verir.
Xəbər verildiyi kimi, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib vəTürkmənistanaaid gəminingöyərtəsinə qaldırılaraqKiyanlı dəniz limanına aparılıb. Neftçilər Ə.Quliyev və A. Abdullayevin nəşləri vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.
Xatırladaq ki, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib. 10 nəfər neftçinin cəsədləri tapılaraq şəxsiyyətləri müəyyən edilib. 20 neftçinin axtarışları davam etdirilir.
A.Əzizov