İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2015-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarını 8% - 76 mln. 375 min 74,5 manatadək artırıblar. Bu barədə büronun məlumatında deyilir.
“2015-ci ildə sığortaçılar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 965,022 min sığorta müqaviləsi bağlayıblar. Bu müqavilələr çərçivəsində 76 mln. 375 min 74,5 manat sığorta haqqı əldə edilib. 2014-cü illə müqayisədə müqavilələrin sayı 3,6%, sığorta haqlarının həcmi 8% artıb”, - deyə məlumatda qeyd edilir.
2015-ci ilin yekunlarına əsasən, AVSMMİS üzrə sığorta ödənişinin orta məbləği 2014-cü ildə qeydə alınmış 76 manata qarşı 79 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 15 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
2014-cü ildə Azərbaycanda sığortaçıların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları 70 mln. 687,551 min manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 2,04% çoxdur.
A.Əzizov