Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi xüsusi icazə olmadan satılan müxtəlif adda olan 844 seriya nömrəli dərmanlar aşkarlayıb.
Türkiyə, Hindistan, Rumıniya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və digər ölkələrdə istehsal olunmuş 844 seriya nömrəli dərmanlar dövriyyədən çıxarılıb.
“Ekspertiza Mərkəzi müntəzəm olaraq dərman vasitələrinin monitorinqini aparır. Bu və ya digər dərman vasitəsinin satışına lisenziya olmadıqda həmin seriya satışdan çıxarılır”, - deyə respublika əczaçılıq bazarının nümayəndəsi “İnterfaks-Azərbaycan” agentliyinə qeyd edib.
Onun sözlərinə görə, bir sıra KİV-lərin dərmanların qadağan olunması barədə xəbərləri həqiqətə uyğun deyil. “Yalnız lisenziyası olmayan seriyalar satışdan çıxarılıb”, - deyə agentliyin müsahibi bildirib.
Səhiyyə Nazirliyindən bildirilib ki, lisenziyası olmayan dərman seriyalarının dövriyyədən çıxarılması ümumilikdə onların satışının qadağan edilməsi demək deyil.
A.Zeydullayeva