Politoloq Fikrət Sadıxov hesab edir ki, Belarusun İrəvandakı səfiri İqor Nazarukun Azərbaycan və Ermənistan prezidentlərinin Minskdə mümkün görüşünə dair bəyanatı Belarus rəhbərliyinin Qarabağ probleminin nizamlanmasında vasitəçi rolunu nümayiş etdirmək istəyindən irəli gəlir.
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyini təsdiq etməzdim. Yəqin ki, bu, Belarus tərəfinin təşəbbüsü və hər hansı vasitəçi rolunu nümayiş etdirmək cəhdidir. Səfirin öz ölkəsinin rəhbərliyinin rəyini ifadə etdiyini istisna etmirəm. Lakin düşünürəm ki, bu görüşün nəzərdə tutulduğunu və məhz Minskdə keçiriləcəyini demək çox tezdir”, - deyə F.Sadıxov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla yanaşı, politoloq vurğulayıb ki, prezidentlərin görüşünün təşkili səfirin səlahiyyətlərinə daxil deyil. Bu cür görüşlər hər iki tərəflə razılaşdırıldıqdan sonra təşkil edilir.
O xatırladıb ki, Qarabağ probleminin nizamlanması üzrə görüşlərdə, o cümlədən
yüksək səviyyəli görüşlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər. Məhz onlar dövlət başçıları ilə məsələni razılaşdırır, görüşün gündəliyi, keçiriləcəyi yer və s. ilə bağlı son qərar qəbul edirlər.
F.İsazadə