ATƏT-in Minsk qrupunun həmsədrləri öz arzuları barədə bəyanatlarla məhdudlaşmayıb, İrəvanı sülh bağlamağa məcbur etməlidir. Bunu politoloq Fikrət Sadıxov söyləyib.
Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazmışdı ki, “biz 2016-cı ildə münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində fəaliyyətimizi aktivləşdirməliyik. Tərəflər hazır olduqlarını bəyan edirlər. Ya indi, ya heç vaxt”.
“Biz belə diplomatik bəyanatları kifayət qədər çox eşitmişik. Həmsədrlər və digər dövlətlərin bir çox rəsmi şəxsləri belə bəyanatlarla çıxış ediblər. Bu, bizim üçün yenilik deyil. Azərbaycana konkret iş lazımdır. Münaqişənin nizamlanmasının vacib olduğu haqda arzu və bəynatlar deyil, Ermənistanın konkret olaraq sülhə məcbur edilməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl edilməsi lazımdır. Yəni beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməlidir”, - deyə F.Sadıxov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Politoloqun fikrincə, sülh, sabitlik və dinclik arzusu diplomatın bu münaqişəni nizamlamaq istəyi və rolunu nümayiş etdirməkdən başqa bir şey deyil.
“Lakin təəssüf ki, məsələ o qədər dərinləşib, vəziyyət o qədər kəskinləşib ki, arzu və diplomatik bəyanatlarla həll oluna bilməz. ABŞ kimi böyük dövlətin nümayəndəsi belə bir münaqişənin həlli üçün nə lazım olduğunu yaxşı bilməlidir. Biz bu barədə dəfələrlə bəyan etmişik və cənab Uorlik bu barədə yaxşı bilir”, - deyə o qeyd edib.
F.İsazadə