Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsini genişləndirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Bu il kütləvi ödənişlər, həmçinin bələdiyyə vergilərinin yığımı, təhsil, notarial xidmətlərin ödənişi, “Elektron məhkəmə” sistemi və s. sahələrdə ödənişlər qəbul edən dövlət orqanlarının daxili informasiya sistemləri portalına inteqrasiya üzrə işlər davam etdiriləcək”, - deyə bankdan qeyd ediblər.
Bundan başqa, müştərilərin hesabından aylıq ödənişləri (kommunal xidmətlər, internet, telefon və s. ödənişlər) avtomatik silməyə imkan verən sistem tətbiq olunacaq.
Artıq 13 dövlət strukturu və 12 ictimai xidmət təşkilatı “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub. Portal 2 minə yaxın ödəniş məntəqəsi vasitəsilə 330-dan artıq xidmət növü üzrə ödəniş həyata keçirməyə imkan verir.
AMB-nin məlumatına görə, 2015-ci ildə portal vasitəsilə əməliyyatların həcmi 35% artıb.
Bundan başqa, 2015-ci ildə milli ödəniş sistemi vasitəsilə ödənişlərin sayı 13%-dən çox artıb.
A.Axundov