Yanvarın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə ANN.az saytının videoreportyoru Rasim Əliyev döyülərək öldürülməsi faktı ilə əlaqədar məhkəmənin ilkin iclası keçirilib.
Camal Məmmədov, Kənan Mədətov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə şübhəli bilinirlər.R.Əliyev 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Ibtidai istintaq zamanı müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş C.Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış ANN.az saytının videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü il təvəllüdlü Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə E.İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşüb.
Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05:00 radələrində orada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı A.Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
R.Əliyevin döyülərək öldürülməsi faktı ilə əlaqədar məhkəmə prosesi yanvarın 12-də davam edəcək.
R.Babayev