Tarif Şurası (TŞ) 2016-cı ilin I yarısında dərman preparatlarının vahid pərakəndə satış qiymətlərinin təsdiq edilməsi prosesini başa çatdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TŞ-dən məlumat verilib.
“Bu günə qədər Azərbaycanda dövlət qeydiyyatından keçmiş və apteklərdə satılan dərmanların təxminən 55%-nin pərakəndə satış qiymətləri təsdiq edilib. Vahid qiymətlərin təsdiq edilməsi prosesinin tam başa çatması 2016-cı ilin I yarısına planlaşdırılır”, - deyə TŞ-dən bildirilib.
Xəbər verildiyi kimi, sentyabrın 15-dən Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə başlanılıb. Azərbaycanda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ümumilikdə 4,5 mindən artıq adda dərman vasitəsini (20 mindən artıq dərman vasitəsi) əhatə edəcək. Tənzimləməyə, ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmaqla, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyinin qiymətləndirmələrinə əsasən, dövlət tərəfindən tənzimlənmə dərmanların qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına imkan verəcək.
2015-ci ilin iyun ayında Azərbaycan hökuməti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
A.Əzizov