Azərbaycan hökuməti iş yerlərinin azalmasının qarşısını almaq üçün tədbirlər görəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün mətbuat konfransında bəyan edib.
“Dünyada baş verən iqtisadi böhran bütün ölkələrə toxunub, dövlətimizin gəlirlərinin azalmasına səbəb olub, bununla əlaqədar hökumət və əhalimiz imkanlarını səfərbər etməlidir. Yaranmış şəraitdə əmək bazarında məşğulluğun azalmasına imkan verməməliyik”, - deyə S.Müslümov bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, buna görə məsuliyyət yalnız dövlətin üzərinə düşməməlidir.
“Məşğulluq sahəsində fəallığı artırmaq lazımdır. İndi bu sahədə hansı tədbirlərin reallaşdırılacağını demək çətindir. Bu gün bu istiqamətdə müəyyən addımlar atılır”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, əmək bazarının monitorinqini həyata keçirən nazirlik aparılan araşdırma əsasında öz təklifləri ilə çıxış edəcək.
“Əmək bazarında hansısa kəskin dəyşikliklər baş versə, biz öz təkliflərimizlə çıxış edəcəyik. Lakin vurğulamaq istərdim ki, bizi ən çox iki amil maraqlandırır - müəssisələrin bağlanması və iş yerlərinin azalması”, - deyə S.Müslümov bildirib.
R.Babayev, B.Rüstəmbəyov