Azərbaycanda 500 ABŞ dollarından artıq valyuta mübadiləsi şəxsiyyət vəsiqəsi ilə aparılacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda deyilir.
“Mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır”, - deyə 6 yanvar 2016-ci il tarixində qüvvəyə minən Qaydalarda qeyd olunur.
Qaydalara əsasən, əməliyyat günü ərzində xarici valyuta və ya manat vəsaitləri qurtardığı hallar istisna olmaqla mübadilə şöbəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
Qaydalara görə, nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.
Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.
Qaydalara bankların mübadilə şöbələrinin fəaliyyətinin təşkili, banklar tərəfindən mübadilə şöbələrinin açılmasına icazələrin verilməsi və icazələrin ləğv edilməsi, icazənin texniki təchizatı və təhlükəsizliyi ilə bağlı minimum tələblər, mübadilə şöbələrinin fəaliyyətinə nəzarət qaydaları daxildir.
A.Axundov