“Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda”adlı kitab çapdan çıxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlıdır.
“Naxçıvan Ərəb Xilafəti dövründə”, “Azərbaycanın feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu”, “Naxçıvan Azərbaycan Atabəyləri dövründə” adlı fəsillərdə Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi tarixi öyrənilir, burada baş vermiş hərbi-siyasi hadisələr tarixi mənbələr əsasında tədqiq olunur.
Kitabın vacib məqamlarından biri Naxçıvanın müvafiq dövr tarixinin sovet dövrü və müstəqillik illərində araşdırılmasıdır. “Azərbaycan Atabəyləri dövlətinin süqutundan sonra xanədanın qadınlarının Naxçıvanın ictimai-siyasi həyatında yeri” adlı fəsildə ilk dəfə olaraq orta əsrlər dövründə Naxçıvanda fəaliyyət göstərmiş, Azərbaycanın siyasi-ictimai və mədəni həyatında vacib rol oynamış qadınlar haqqında müfəssəl məlumatlar yer alıb.
A. Zeydullayeva