Ötən il Azərbaycanda əlilliyi olan şəxslər 34,075 min ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hesabat dövründə ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlillər 1273 ədəd əlil arabası, 1194 ədəd aşağı ətraf protezi, 189 ədəd yuxarı ətraf protezi, 1143 ədəd aşağı ətraf ortezi, 90 ədəd yuxarı ətraf ortezi, 1710 ədəd dirsəkaltı və 2049 ədəd qoltuqaltı ağac, 3738 ədəd əsa və müxtəlif növlərdə 11187 reabilitasiya vasitəsi, 3923 cüt ortopedik ayaqqabı və 3831 cüt protez ayaqqabı, 539 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar.
804 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib. Hesabat dövründə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatların sayı 2014-cü illə müqayisədə 49%, o cümlədən əlil arabalarının sayı 2,2 dəfə çox olub.
Bununla yanaşı, səyyar tibbi-texniki briqada tərəfindən ötən il 63 rayon və şəhər üzrə 1784 nəfər müvafiq şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
R.Babayev