Bu gün Bakı Dairəvi-1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına 1,525 min manat məbləğində ziyan dəyib. Bu barədə “Azəryolservis” ASC-nin məlumatında deyilir.
“Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri-xətli dəmir tirlərə çırpılıb. Nəticədə 16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb. İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1,525 min manat məbləğində ziyan dəyib”, - deyə məlumatda qeyd olunur.
“Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib.
N.Abbasova