Dövlət Gömrük Komitəsi (DGK) idxal olunan mal və nəqliyyat vasitələri barədə ilkin bəyanetmə elektron xidmətini tətbiq edib. Bu barədə DGK-nın məlumatında bildirilir.
“Gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər”, - deyə məlumatda qeyd edilir.
Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib ki, təqdim olunan bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcəklər və bu da, ilk növbədə sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidi təmin olunmaqla yanaşı, gömrük rəsmiləşdirilməsi daha çevik və vaxt itkisi olmadan həyata keçiriləcək.
Bu xidmətdən yararlanmaq üçün sahibkarlar DGK tərəfindən müəyyən olunmuş prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən istifadə edə bilərlər.
N.Abbasova