Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova elmi jurnalın redaksiya heyətinin üzvü seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
U.Həşimova yekdil səsvermə yolu ilə Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Elmi-kliniki şurasının “Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Carçısı” jurnalının redaksiya heyətinin üzvü seçilib.
Elmi-təşkilati əlaqələrin genişləndirilməsi məqsədilə Fiziologiya İnstitutu ilə sözügedən qurum arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması nəzərdə tutulub.
İldə 4 dəfə dərc olunan jurnalın rubrikalarında fundamental kliniki tədqiqatlar, ictimai sağlamlıq və səhiyyə haqda aktual suallar, icmallar, həmçinin tibb elminin son nailiyyətləri barədə geniş məlumatlar yer alır.
A.Zeydullayeva