Azərbaycan vətəndaşları Türkiyəyə getmək üçün viza rejiminin tətbiq ediləcəyindən narahat olmamalıdırlar. Bu barədə Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.
“Bu məsələ gündəmdə deyil. Narahatlığa əsas yoxdur”, - deyə səfirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Daha öncə bir sıra KİV-lər Türkiyənin 2016-cı ilin iyun ayından 89 ölkə ilə, o cümlədəən Azərbaycanla viza rejimi tətbiq edəcəyinə barədə məlumat yaymışdılar.
Diplomatik mənbə bildirib ki, Türkiyə ilə viza rejiminin tətbiq edilməsi Avropa İttifaqının tələblərindən biridir, Ankara Aİ-yə üzv olarkən Azərbaycanın maraqlarını qoruyacaq.
“Türkiyənin Aİ-yə üzvlüyü hələ ki, müzakirə olunur. Türkiyə Aİ-yə daxil olarkən Azərbaycanın maraqları istənilən halda qorunacaq.
Mənbə qeyd edib ki, Türkiyə rəhbərliyi konkret olaraq ölkənin Aİ-yə üzv olub-olmayacağını bilmir. “Nəzərə alınsa ki, ölkənin əsas gəlir mənbələrindən biri turizmdir, 89 ölkə ilə birtərəfli qaydada viza rejimin tətbiq edilməsi ölkə iqtisadiyyatına pis təsir göstərə bilər. Buna görə də hələ ki, viza rejiminin tətbiq olunması ilə əlaqədar narahatlığa əsas yoxdur”, - deyə o əlavə edib.
F.İsazadə