Bakının bütün iri ticarət obyektləri, mehmanxanalar, bar və restoranlar tütün məmulatlarının qiymətlərinə təkrar baxılması ilə əlaqədar onların satışının müvəqqəti dayandırılmasına dair göstəriş alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.
Bütün tütün məmulatlarının qiymətləri orta hesabla 20% bahalaşıb. Qeyd edək ki, bu, Azərbaycanda tütün məmulatlarının ikinci dəfə kəskin bahalaşmasıdır.
Eyni zamanda, yerli mətbuatın məlumatına görə, paytaxt köşklərində tütün məmulatları artıq yeni qiymətlərlə satılır. Qiymətlərin artımı praktiki olaraq bütün markalara toxunub. Bir siqaret qutusu orta hesabla 0,5-0,8 manat bahalaşıb.
Belə ki, dünən bir qutusu 3,7 manat olan “Sobranie” siqareti indi 4,3 manata satılır. Bu markadan olan ən bahalı siqaretin bir qutusunun qiyməti 7 manata çatıb. Dekabr ayında baş vermiş devalvasiyaya qədər bu siqaretin bir qutusunun dəyəri 2,5 manat təşkil edirdi. Həmçinin, dünən 2,8 manat olan “Winston” markalı siqaretin qiyməti 3,2 manatadək bahalaşıb.
B.Rüstəmbəyov