“Azərbaycan Beynəlxalq Bankı” ASC plastik kart sahiblərinin vəsait itkilərini kompensasiya edir. Bu barədə bankın məlumatında qeyd edilir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC müştərilərin maraqlarını əsas tutaraq, manat ödəniş kartları ilə xarici valyutada apardıqları ödənişlərdə, üzən məzənnəyə keçiddən sonra əlavə vəsait itkisinə məruz qalmış kart sahiblərinə güzəşt edib”,- deyə məlumatda bildirilir.
Məlumata əsasən, 21 dekabr 2015-ci il tarixinə qədər Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə və banka məxsus terminallar vasitəsilə aparılmış bütün mədaxil (cash in), məxaric (cash out), köçürmə (transfer) və kart köçürmələri (card transfer) əməliyyatları zamanı icra olunmuş mübadilə məbləğləri əməliyyat gününün məzənnəsi ilə yenidən hesablanıb və valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə tutulmuş vəsait müştərilərə geri ödənib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07 %-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur.
A.Axundov