2015-ci ilin 11 ayının yekunları üzrə Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin həcmi $130 mln.-a yaxın təşkil edib. Bu barədə jurnalistlərə Rumıniyanın Bakıdakı səfiri Daniel Çiobanu məlumat verib.
“Azərbaycanla Rumıniya arasında münasibətlər yaxşıdır. İqtisadi əlaqələr də dinamik inkişaf edir. Rumıniyadan Azərbaycana ən iri həcmdə ixrac 2014-cü ildə $55,85 mln. dəyərində olub. 2015-ci ilin 11 ayı ərzində ixracın həcmi 9% artaraq $55.5 mln. təşkil edib. Bu səbəbdən ötən ilin yekunları üzrə ölkələrimiz arasında yüksək nəticə gözləyirik. Bütövlükdə isə 2015-ci ilin 11 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi $130 mln.-a yaxın təşkil edib”, - deyə D.Çiobanu bildirib.
Diplomat vurğulayıb ki, bu il tərəflər yüksək səviyyəli rəsmi görüşlərin keçirilməsini planlaşdırır.
Onun sözlərinə görə, Azərbaycan və Rumıniya 2016-cı ilin uğurlu olacağını hesab edir, çünki ölkələr arasında qarşılıqlı maraqlar və yüksək səviyyədə dialoq mövcuddur.
D.Çiobanu vurğulayıb ki, ticarət, istehsal və mədəniyyət sahələri də Azərbaycan-Rumıniya əməkdaşlığında prioritet təşkil edir.
F.İsazadə