Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ötən il ərzində vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5 mln. manatdan artıq məbləğdə gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuat məlumat verilib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il ərzində vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5,485 mln. manatdan artıq məbləğdə gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Bu məbləğin 43%-i və ya 2,362 mln. manatı “Azərinşaatservis” ASC-nin işçilərə ödənilməsini gecikdirdiyi əmək haqlarından ibarət olub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən müvafiq tədbirlər nəticəsində “Azərinşaatservis” ASC həmin gecikdirilmiş əmək haqqı borcunu işçilərə tam şəkildə ödəyib”, - deyə məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, 2015-ci il ərzində ödənilməsi təmin edilmiş gecikdirilmiş sosial xarakterli ödənişlərin 91,7%-ni əmək haqları təşkil edib. Bundan başqa, ötən il işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 22 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.
B.Rüstəmbəyov