Dekabrın 4-də “Neft Daşları”ndakı 501 və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən daha birinin cəsədi bu gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan tərəfinə artıq bu barədə məlumat verilib. Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır”, - deyə məlumatda qeyd edilir.
Beləliklə, artıq 11 nəfərin cəsədi aşkar edilib.
Xəbər verildiyi kimi, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib.
19 neftçinin axtarışları davam etdirilir.