2015-ci ilin ilkin yekunlarına görə Azərbaycan sahibkarlarına dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 mlrd. 15 mln. manat təşkil edib. Bu barədə maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.
“2015-ci ilin ilkin yekunlarına görə ölkə sahibkarlarına dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 mlrd. 15 mln. manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) üzrə 945 mln. manat, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzrə 70 mln. manat təşkil edib”, - deyə S.Şərifov bildirib.
Onun sözlərinə görə, ötən il həmin mənbələrdən və dövlət büdcəsindən ayrılmış vəsait hesabına 5243 sahibkara 249 mln. manat məbləğində güzəştli kredit verilib.
“Verilən kreditlərin 40%-i və yaxud 100 mln. manatı dövlət büdcəsindən, daha 60%-i və yaxud 149 mln. manatı isə kredit portfelinin vəsaiti hesabına, yəni, qaytarılmış kreditlər hesabına olub”, - deyə S.Şərifov bildirib.
Ayrılan güzəştli kreditlərin 85,6%-i aqrar sektorun, 14,4%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.
“2015-ci ildə 5,16 min sahibkara 56 mln. manat məbləğində kiçik həcmli güzəştli kredit verilib”, - deyə nazir vurğulayıb.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir.
A.Axundov