İki il ərzində “ASAN xidmət” mərkəzlərinə 7 milyondan çox müraciət daxil olub. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bazar günü Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.
“Bu il iki yeni “ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq. Bundan əlavə, səyyar xidmət göstərilir, on avtobus ölkəmizi dolaşır. “ASAN xidmət” Azərbaycan brendidir”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, bəzi başqa ölkələr də Azərbaycanın təcrübəsindən istifadə edirlər. “Düzdür, bəzi hallarda “ASAN xidmət”in təcrübəsinə istinad edilmir. Ancaq eybi yoxdur, bizim üçün əsas məsələ odur ki, Azərbaycan vətəndaşları bu xidmətdən yararlansınlar”, - deyə İ.Əliyev bəyan edib.
““ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır. Eyni zamanda, könüllülər sinfi yaradılıb. Fəal vətənpərvər gənclər könüllülər kimi fəaliyyət göstərirlər. Yəni, bu təşəbbüsün çox böyük müsbət mənası var. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də “ASAN xidmət”də öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı əlavə təkliflər versin ki, biz hansı xidmətləri “ASAN xidmət”ə əlavə edə bilərik”, - deyə İ.Əliyev qeyd edib.
B.Rüstəmbəyov