Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının idxalının tənzimlənməsində daha çevik alətlərdən istifadə edilməsinə tərəfdardır. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
“İqtisadi və siyasi həyatımızda yaranmış yeni şərait daxili bazarın qorunmasında da bir sıra addımların atılmasını zəruri edir. Apardığınız uzaqgörən siyasət nəticəsində bir sıra ərzaq, meyvə-tərəvəz və quş əti məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi onların bir qisminin idxalı zamanı müxtəlif tənzimləmə alətlərindən (kvota, mövsümi rüsumlar, keyfiyyətə nəzarətin sərtləşdirilməsi və s.) tətbiq edilməsini şərtləndirir”,- deyə H.Əsədov qeyd edib.
Onun sözlərinə görə, bir sıra qonşu dövlətlərin sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq etməsi daxili ərzaq bazarımıza idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər.
A.Axundov