1 yanvar 2016-cı il tarixinə Azərbaycanda 3 mln. 180,154 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 6,83% çoxdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir.
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,2%-i kişi, 40,8%-i isə qadındır.
DSMF-in məlumatına əsasən, fərdi hesabı olanların əksəriyyəti 30-40 yaş arasında işləyən vətəndaşlardır. Onlar bütün sosial sığorta ödəyicilərinin 25,08%-ni təşkil edirlər.
Bundan başqa, 30 yaşa qədər sosial sığorta ödəyicilərinin 21,15%-nin, 40-50 yaş arasında 21,14%-nin, 50-60 yaş arasında 20,43%-nin, 60 yaşdan yuxarı 12,2%-nin fərdi hesabları var.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır.
N.Abbasova