“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Cənub-Qərb-Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi yaratmağı təklif edir. Bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" adlı Beynəlxalq Forumda çıxışı zamanı
bildirib.
“Bu, yeni logistika məhsuludur, biz onu bu forum çərçivəsində müvafiq qurumların rəhbərlərinin müzakirəsinə təqdim edirik. Bizim ekspert qrupumuz sözügedən marşrutun perspektiv və inkişaf yollarını öyrənib, yükdaşımaların tariflərini hazırlayıb. Ümid edirik ki, təklifimiz müzakirələr zamanı qəbul ediləcək”,- deyə C.Qurbanov söyləyib.
O, həmçinin deyib ki, təklif edilən nəqliyyat dəhlizi tranzit yüklərin Hind okeanından, Fars körfəzindəki Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarından dəmir yolu ilə İran, Azərbaycan və Gürcüstana, Qara dəniz limanlarından əks istiqamətdə iqtisadi baxımdan daha səmərəli nəqlini təmin edəcək.
“Hesablamalara görə, mövcud infrastruktur nəzərə alınmaqla Poti və Batumi limanlarına Bəndər-Abbas limanından yükdaşımalar 7 gün ərzində, Mumbai limanından isə 14 gün ərzində həyata keçirilə biləcək”, - deyə C.Qurbanov qeyd edib.
Forumda "İran Dəmir Yolları" şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran Nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, Ukrayna infrastruktur nazirinin müavini Snitko Nikolay Petroviç, "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak ediblər.
N.Abbasova