“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən Mübariz Qasımovun cəsədi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib və çərşənbə axşamı vətənə gətrilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verir.
Neftçinin cəsədi Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda tapılıb. O, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyirdi.
Daha öncə isə Xəzər dənizinin Türkmənistan sektorunda aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində daha iki nəfərin cəsədi tapılmışdı.
Beləliklə, 11 nəfərin cəsədləri tapılıb, 19 nəfərin axtarışları davam etdirilir.
Xəbər verildiyi kimi, dekabrın 4-də günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib.
F.İsazadə