2015-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 27 mindən çox şəxs məsuliyyətə cəlb edilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov məlumat verib.
“Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində 27564 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 835, inzibati xətalara yol vermiş 26729 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib”,- deyə R.Usubov yanvarın 12-də Əlahiddə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Həmin şəxslərdən 86-sı axtarışda olanlar, 243-ü xuliqanlıq, 81-i dələduzluq, 103-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 245-i oğurluq, 26-sı soyğunçuluq və s. cinayətləri törətdiklərinə görə saxlanılanlardır.
Eyni zamanda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş 5803, o cümlədən 2399 piyada, məişət səs-küyünə yol vermiş 2173, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 3115, digər inzibati xətalara görə 13239 nəfər müəyyən edilərək rayon polis idarələrinin aidiyyəti polis bölmələrinə təhvil verilib.
F.İsazadə