2015-ci ilin noyabr ayında Konstitusiya quruluşunun bərpası üzrə xüsusi əməliyyata başlanandan Bakının Nardaran qəsəbəsində çox sayda silah-sursat aşkar olunub. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bəyan edib.
“Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən tədbirlərlə 5 avtomat, 6 tüfəng, 3 tapança, 22 qumbara, 368 patron, 16 "Molotov kokteyli", 1 partlayıcı qurğu, 2 qutu barıt, 7 qutu alışdırıcı patron, 8 ədəd müxtəlif növ soyuq silah, 1 beşbarmaq, 300 qramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb”, - deyə R.Usubov Əlahiddə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Nazir vurğulayıb ki, silah-sursat Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş xüsusi əməliyyatlardan sonra cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirləri nəticəsində aşkar olunub.
F.İsazadə