Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)əməkdaşı müəllifi olduğu "Braille Pad" layihəsini ABŞ-da təqdim edib. Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
AMEA-nın İşlər İdarəsininəməkdaşı Rəşid ƏliyevABŞ-ın Missuri ştatının Sent Lyuis şəhərinin İcra Hakimiyyəti və “Arch Grants” təşkilatının birgə dəstəyi ilə keçirilən qrant müsabiqəsində müəllifi olduğu "Braille Pad" layihəsi ilə bağlı iştirak etmək üçün 6-8 yanvar 2016-cı il tarixlərində ABŞ-da ezamiyyətdə olub. O, münsiflər heyəti qarşısında müvəffəqiyyətlə çıxış edərək layihəni təqdim edib.
R.Əliyev, həmçinin Sent Lyuis şəhərində yerləşən Vaşinqton Universitetinin və Missuri Elm və Texnologiyalar Universitetinin müəllim-professor heyəti ilə görüşdə iştirak edib, layihə ilə bağlı müzakirələrdə səsləndirilən fikir və təklifləri əldə edib. Görüşdə AMEA ilə universitetlər arasında əməkdaşlıq etmək üçün müvafiq imkanlar və potensial sahələr araşdırılıb. Daha sonra R.Əliyev 8-9 yanvar 2016-cı il tarixlərində Nyu York Universitetində (NYU) də "Braille Pad" layihəsini təqdim edib.
Qeyd edək ki, R.Əliyevin müəllifi olduğu gözdən əlillər üçün planşet layihəsi olan “BraillePad” artıq beynəlxalq investorların diqqətini cəlb edir.
A.Zeydullayeva