1 yanvar 2016-cı il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 1 mln. 835,173 min təşkil edir. Bu barədə SOCAR-dan məlumat verilib.
2015-ci ildə İB əhali arasında 104,309 min yeni abonent qeydə alıb. Onlardan 32,773 min abonent Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda, 71,536 min abonent ölkənin regionlarında qeydiyyata alınıb.
Dekabr ayında “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21,651 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 4,498 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 17,153 mini isə regionların payına düşüb.
Dekabr ayında əhaliyə 387 mln. 851,278 min kubmetr təbii qaz satılıb. 2015-ci ilin dekabr ayı ərzində ödəniş 92,7% təşkil edib.
“Azəriqaz” İB-nin məlumatına görə, 2016-cı il yanvarın 1-nə 126,554 min məcburi köçkün ailəsinə güzəştli şərtlərlə qaz verilib. Həmçinin 341 məscid və dini məbədə ödənişsiz qazdan istifadə üçün limit ayrılıb.
N.Abbasova